Pressa.az » Ölkə » Bakıdakı atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Bakıdakı atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

11 mart 2023, Şənbə, 10:47
Bakıdakı atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.

LiderXəbər-in “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.

Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

İddialara görə, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Eminin hazırda Azərbaycanda olmadığı bildirilir. Həyatda olan yeganə qardaşı Elvin Qasımov isə Bakıda yaşayır. Onun kriminal aləmlə bağlılığı olmadığı və restoran biznesi ilə məşğul olduğu deyilir.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.