Pressa.az » Ölkə » Ordubad rayon Üstüpü və Məzrə kənd sakinlərinin müraciətləri dinlənilib

Ordubad rayon Üstüpü və Məzrə kənd sakinlərinin müraciətləri dinlənilib

09 avqust 2024, Cümə, 19:02
Ordubad rayon Üstüpü və Məzrə kənd sakinlərinin müraciətləri dinlənilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Üstüpü kəndində səyyar qəbul keçirilib.

Liderxeber.az xəbər verir ki, vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. 
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq dövlət başçısı cənab İlham Əliyev rəhbərliyində ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və yüksələn dinamik inkişaf haqqında ətraflı məlumat verib. İcra başçısı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun yaradılmasının önəmindən bəhs edərək müasir və innovativ idarəçilik mexanizminin qurulmasında  bu institutun xüsusi rol oynadığını bildirib.
 
Görüş zamanı “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında məlumatlar da vətəndaşların diqqətinə çatdırılıb. Dövlət proqramına uyğun olaraq Ordubad rayonunda ipəkçilik və konserv istehsalı sənayesinin yenidən bərpa ediləcəyi, ilkin olaraq isə baramaçılığın pilot layihə kimi tətbiq edilməsi sahəsində müsbət nəticələrin əldə edildiyi vurğulanıb. 
 
“Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə gələcəkdə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə yaxın günlərdə yeni hotel tikintisi istiqamətində işlərə başlanacağı qeyd olunub. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan qədim tikilinin əsaslı bərpa olunacağı, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. 
 
Daha sonra Üstüpü və Məzrə kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, yol, elektrik,  içməli su təminatı, təhsil, idman və sair istiqamətlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.