Pressa.az » Ölkə » Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

06 aprel 2023, Cümə axşamı, 12:43
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

10-17 aprel tarixlərində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu keçiriləcək.

Nazirlikdən verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 10 aprel saat 11:00-dan 17 aprel 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:

- əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;

- iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;

- həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;

- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.