XTQ-nin yaranma günüdür - Görünməyən qəhrəmanlarımız!

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranması günüdür.
Liderxeber.az xəbər verir ki, ordumuzun şərəfli qolunun yaranma günü hər il aprelin 30-da qeyd olunur.
1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi tapşırıqları yerinə yetirmək üçün formalaşdırılan XTQ bu gün regionun ən güclü hərbi strukturlarından biri hesab olunur.
Bu gün XTQ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun əsas hədəflərindən biri kimi formalaşıb. Müxtəlif vaxtlarda Türkiyə və digər tərəfdaş ölkələrin təcrübəsi əsasında təlim keçən XTQ hərbçiləri artıq beynəlxalq standartlara uyğun hazırlıqlara malikdir.
2020-ci il Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynayıb. XTQ hərbçiləri Şuşa, Hadrut, Cəbrayıl və digər ən çətin bölgələrdə düşmənin müdafiə xəttini yararaq ərazilərin azad olunmasında əhəmiyyətli uğurlar əldə ediblər. Şuşa əməliyyatı zamanı qayalıqlar və meşəlik ərazilərdə piyada döyüşü aparan xüsusi təyinatlılar, şəhərin azadlığında qəhrəmanlıq nümunəsi göstəriblər. Həmin vaxt XTQ-nin komandanı hazırda Quru Qoşunlara başçılıq edən, nazir müavini general-polkovnik Hikmət Mirzəyev idi. Müharibədən sonra onlar, başda komandan olmaqla dövlət tərəfindən yüksək qiymətləndirilib, H.Mirzəyev ən yüksək hərbi rütbəyə layiq görülüb.
Vətən müharibəsində iştirak etmiş onlarla xüsusi təyinatlı zabit və gizir “Vətən Müharibəsi Qəhrəmanı” və başqa orden, medallarla təltif olunublar.
Bu gün general-mayor Ələkbər Cahangirovun komandanlıq etdiyi XTQ döyüş hazırlığını artırmaqla yanaşı, beynəlxalq təlim və hərbi əməkdaşlıq çərçivəsində bilik və bacarıqlarını daha da gücləndirir. Hazırda xüsusi təyinatlılarımızın əsas məqsədi ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaqla yanaşı, regional təhlükəsizliyə töhfə verməkdir.
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yalnız bir hərbi birləşmə deyil, həm də əzm, fədakarlıq və vətənpərvərlik rəmzidir. Onların səssiz əməliyyatları ölkənin təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Gününüz mübarək, görünməyən qəhrəmanlar!