Hindistan-Pakistan qarşıdurmasının Azərbaycana hansı təsirləri ola bilər?

Aprelin 22-də Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib.
Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə atıb. Pakistan Senatı isə İslamabadın hücumda rolunu inkar edən qətnaməni yekdilliklə qəbul və beynəlxalq müstəvidə müstəqil araşdırma tələb edib. Hadisədən sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb, İndus Su Anlaşması müvəqqəti olaraq dayandırılıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 1972-ci ildə atəşkəslə bağlı imzalanan "Simla müqaviləsi" də Pakistan tərəfindən dayandırılıb. Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş katibi Antonio Quterreş ilə əlaqə saxlayaraq Hindistanı təmkinli olmağa çağırıb. Artıq hər iki ölkə arasında sərhəd boyunca atışmalar intensivləşib. Bu vəziyyət iki nüvə silahına sahib ölkə arasında ciddi müharibə riskini artırır. Beynəlxalq ictimaiyyət, xüsusilə BMT, ABŞ və Britaniya tərəfləri vəziyyəti daha da gərginləşdirməyə və dialoqa çağırıb.
Mövzu ilə bağlı danışan politoloq Rəşad Bayramov bildirib ki, həm Hindistan, həm də Pakistan nüvə dövlətləridir və kifayət qədər güclü orduya malikdirlər:
"Hindistan hərbi personalın sayına görə dünyanın beşinci ordusuna malikdir. Pakistan isə öz növbəsində döyüş başlıqlarının sayına görə altıncı nüvə dövlətidir. Bu faktlar baş verə biləcək genişmiqyaslı müharibənin necə ağır nəticələrə gətirib çıxara biləcəyini ehtimal etməyə imkan verir. Məlumdur ki, nüvə silahına malik iki qonşu 1947-ci ildən Kəşmirlə bağlı münaqişə halındadırlar və münasibətlərin indi yenidən gərginləşməsi regional sabitliyi və nüvə dövlətləri arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır".
"Artıq tərəflər arasında ilk toqquşmaların qeydə alınmasına, Tutmari Qali, Rampur, Uri, Gurez və Sunderbani sektorlarında atışma olmasına, eləcə də hər iki ölkənin hərbi-siyasi rəhbərliyinin sərt ritorikasına baxmayaraq, gərginliyin keçici olacağına dair ümidlər var. Əgər bundan əvvəl mövcud olan gərginliklərə baxsaq görərik ki, tərəflər arasında son dəfə bu şəkildə münaqişə Hindistan tərəfindən Pakistan nəzarətində olan və formal olaraq terrorçuların infrastrukturlarına qarşı hansısa məhdud aviazərbələrin endirilməsi, İslamabadın da buna raket zərbələri ilə cavab verilməsi ilə başa çatdı. İndi də iki ölkə arasında bu şəkildə gərginliyin avtomatik olaraq regionda enerji, təhlükəsizlik və ticarət layihələrinin gələcəyini böyük sual altına qoyduğunu, baş verə biləcək müharibənin ABŞ, Çin və Körfəz ölkələrinin bölgəyə münasibətinə və strateji maraqlarına təsir göstərəcəyini nəzərə alaraq deyə bilərik ki, ayrı-ayrı vasitəçilərin təşəbbüsləri ilə gərginliyi aradan qaldırmaq mümkün olacaq. Çünki indiki halda müharibə demək olar ki, heç kimin maraqlarına cavab vermir", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Hindistanın müttəfiqi olan ABŞ-nin Suriyadan qoşunları çıxardığı və ümumiyyətlə, hərbi xərcləri azaltmaq üçün hərəkətə keçdiyi bir vaxtda, eləcə də İranla gərginliyin davam etdiyi dönəmdə yeni müharibə istəməyəcəyini güman etmək olar:
"Buraya Pakistanın təkcə Çinlə deyil, NATO-nin ikinci böyük gücü olan Türkiyə ilə də müttəfiq olmasını və eləcə də Böyük Britaniya ilə əlaqələrini də əlavə etsək, deyə bilərik ki, ABŞ maksimum şəkildə bu müharibənin genişlənməməsi üçün səylərini səfərbər edəcək. Elə ABŞ tərəfindən verilən bəyanat və tərəflər arasında vasitəçilik təşəbbüsü ilə çıxış etməsi də bunu sübut edir. Pakistanın müttəfiqi qismində çıxış edən Çin də gərginlikdə maraqlı deyil. Çünki müharibə halında Pakistana dəstək vermək məcburiyyətində qalacaq. Bu isə ABŞ-nin Hindistandan istifadə edərək Çini birbaşa müharibəyə cəlb etməsinə imkan yaradır. Çin isə təbii olaraq bunu istəmir. Odur ki, Çin də ABŞ kimi tərəflərə müharibədən qaçmaq üçün müvafiq çağırış edib. Eyni şəkildə İran, Səudiyyə Ərəbistanı, Türkiyə, BMT və Avropa İttifaqı da oxşar çağırışlar ediblər. Başqa sözlə müharibənin olmaması üçün həm supergüclərin, həm də region ölkələrinin öz mövqelərini ortaya qoyduğu müşahidə olunmaqdadır".
"İndi hər şey təbii ki, daha çox Hindistanın davranışlarından asılı olacaq. Çünki indiyə qədərki gərginliklərdən fərqli olaraq, bu dəfə 1960-cı ildə imzalanmış İndus Suyu Müqaviləsi də pozulub. Hindistan sazişdən çıxdığını bəyan edərək Pakistana ötürülməli olan suyun dayandırılacağını bildirib. Su resursları isə Pakistan üçün olduqca həssas və həyati əhəmiyyətli məsələdir. Belə ki, Pakistanın becərilən torpaqlarının 80 faizi bu çayların suyu ilə suvarılır, ölkədəki bütün şirin su ehtiyatlarının 90 faizi İnd çayı hövzəsinə aiddir və ən nəhayət elektrik enerjisinin 60 faizi həmin çaylar üzərindəki hidro mənbələrdən əldə edilir. Odur ki, Su Müqaviləsinin dayandırılması Hindistanın vəziyyəti əvvəlki gərginliklərdən fərqli olaraq daha strateji səviyyəyə qaldırdığını göstərir. Pakistan isə öz növbəsində su resurslarına müdaxilə ediləcəyi təqdirdə bunu "müharibə aktı" kimi qəbul edəcəyini bəyan edib. Ona görə də gərginliyin aradan qaldırılması və genişmiqyaslı müharibə fazasına keçməməsi üçün vasitəçilərin və beynəlxalq birliyin Hindistana su müqaviləsini bərpa etməklə bağlı təzyiqlər göstərməsi lazımdır. Əks halda, bu gərginlik tammiqyaslı müharibəyə, açıq hərbi toqquşmalara gətirib çıxara bilər ki, bu da nüvə silahından istifadəyə səbəb olar. Bu isə bütün dünya üçün fəlakətdir", - deyə mütəxəssis fikrini əsaslandırıb.
Ekspert sonda baş verə biləcək müharibənin ölkəmiz üçün gözlənilən təsirlərinə də toxunub:
"Pakistan Azərbaycanla dost və müttəfiq olan, hər zaman dəstəyini hiss etdiyimiz bir ölkədir. Odur ki, indi dost bir ölkənin Hindistanla müharibə vəziyyətinə gəlib çatması bizi dərindən narahat edir. Digər tərəfdən isə Pakistan Azərbaycanın hərbi potensialının gücləndirilməsi istiqamətində də aktiv fəaliyyət göstərir və yeni müharibə bu istiqamətdə bizə olan dəstəyi istər-istəməz ikinci plana atacaq. Odur ki, belə bir müharibə bizim də maraqlarımıza heç bir halda cavab vermir. Ümid edirəm ki, dünya birliyinin və supergüclərin də vasitəçiliyi ilə gərginliyin qısa müddətdə aradan qaldırılması təmin olunacaq".
Oxşar Xəbərlər:


