Pressa.az » Siyasət » “İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir” - Yenilənib

“İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir” - Yenilənib

09 sentyabr 2025, Çərşənbə axşamı, 11:42
“İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir” - Yenilənib

“Bildiyiniz kimi, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri tarixi əhəmiyyətə malikdir”.

Liderxeber.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında bildirib.

“Belə ki, Vaşqinton razılaşmaları yalnız Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə təsir göstərən tərəfləri ilə yadda qaldı.

Böyük liderləri fərqləndirən ən mühüm cəhətlər onların dövlətçilik təfəkkürü, strateji düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə həyata keçirir və yeni tarixi reallıqlar yaradır. Vaşinqton razılaşmaları da məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar ümumilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir”, - spiker qeyd edib.

S.Qafarovanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir:

“Bu hadisə bütün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır. Vaşinqton razılaşmasının nəticəsi olaraq, Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və Naxçıvan MR-lə maneəsiz bağlantını təmin etmir. O həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş regionda işbirliyi üçün yeni imkanlar yaradır.

Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat dəhlizinə önəmli yeniliklər gətirəcək. ABŞ-nin bu məsələdə Azərbaycana dəstəyi bəzi ölkələrin Azərbaycana əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi. Zəngəzur dəhlizinin “Tramp marşrutu” adlandırılması da heç təsadüfi deyil. Bu, bir daha Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız sülh və əməkdaşlığa xidmət etdiyini təsdiq etdi”.

***

Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov qeyd edib ki, Azərbaycanın yeni tarixi yaradılır:

“Biz həmin yeni tarixin səhifələrinin şahidiyik. Bu gün Azərbaycanın həmin tarixi səhifələri İlham Əliyev tərəfindən yaradılmaqdadır. Prezident İlham Əliyev həm də regionun yeni tarixinin yaradılması missiyasını üzərinə götürüb. Vaşinqton görüşü, əldə olunan nailiyyətlər bölgənin və böyük coğrafiyanın yeni tarixinin yaradılmasının göstəriciləridir.

Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və həmin görüşlərdə əldə olunan nailiyyətlərdir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Bu mənada Vaşinqtonda əldə olunan diplomatik qələbənin yeganə müəllifi İlham Əliyevdir. Vaşinqton razılaşması böyük tarixi əhəmiyyətə malikdir. Digər parametr isə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanətin təmin edilməsidir. Bəlkə də bu görüşə qədər Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə şübhə ilə yanaşanlar və əngəl olmaq istəyənlər var idisə, artıq onlar öz fikirlərindən daşınmağa məhkum olacaqlar”.

***

Xüsusi iclasda çıxış edən vitse-spiker Ziyafət Əsgərov deyib ki, Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfəri Azərbaycanla ABŞ arasında yeni bir səhifənin başlanğıcını qoyub:

“Bu səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan arasında mühüm sənədlər imzalandı. Ən önəmlisi isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsisi haqqında sülh sazişi layihəsinin paraflanması oldu. Bu sənəd uzun illərdən bəri davam edən qarşıdurmalara son qoyulması və dayanıqlı sülhün bərqərar olması baxımından tarixi addımdır. Saziş layihəsi regionda sülhü təmin edəcək, həmçinin yeni nəqliyyat, iqtisadi imkanların açılmasına şərait yaradacaq. Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin ən vacib göstəricisidir, ərazi bütövlüyümüz, suverenliyimizin beynəlxalq hüquqa əsaslanan qeyd-şərtsiz təsdiqidir”.