Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
“2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran bu strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Liderxeber.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ombudsmana ünvanlanan müraciətlərin təhlili və həyata keçirdiyimiz monitorinqlərin nəticələrinə əsaslanaraq insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət büdcəsində nəzərə alınmasını məqsədəmüvafiq hesab etdiyimiz bəzi təklifləri diqqətinizə çatdırmaq istərdim.
- tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsi, habelə uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə təminatının gücləndirilməsi;
- regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi məqsədilə müvafiq büdcə ayırmalarının artırılması;
- regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, habelə hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin edilməsi məqsədilə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılması istiqamətində maliyyə təminatının gücləndirilməsi;
- onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına əlçatanlığının artırılması, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsi, habelə diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılması;
- süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyə təminatının dövlət büdcəsində nəzərə alınması.
Uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqət tələb edir. Bu baxımdan:
- inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması məqsədilə təhsil müəssisələrinin müvafiq qaydada uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat üçün zəruri maliyyə resurslarının ayrılması;
- uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması təklif olunur”, ombudsman bildirib.
