Azərbaycan XİN: Fransa və Yunanıstanın Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş kampaniyaları narahatlıq doğurur
Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya narahatlıq doğuran məsələdir.
LiderXəbər xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 5 aprel 2024-cü il tarixində Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib.
“Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.
Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb”, - Ayxan Hacızadə vurğulayıb.