Qırğızıstan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib
Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib.
LiderXəbər xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Bildirilib ki, onlar Manas Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.
Xatırladaq ki, martın 20-də Azərbaycanın beş vətəndaşı sifarişli cinayət törətmək məqsədi ilə Qırğızıstana gedib.
Azərbaycan Daxili İşlər Nazirliyinin martın 26-da yaydığı məlumata görə, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.