Pressa.az » Siyasət » Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratını bölüşüb

Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratını bölüşüb

04 oktyabr 2024, Cümə, 14:38
Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratını bölüşüb

Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Bakı Təşəbbüs Qrupunun Azərbaycanın paytaxtında təşkil etdiyi mətbuat konfransı ilə bağlı təəssüratını bölüşüb.

Liderxeber.az xəbər verir ki, mətbuat konfransından video onun "Instagram" səhifəsində yerləşdirilib.

K.Seba paylaşımında vurğulayıb ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) əsas məqsədi Fransa neokolonializminə qarşı çıxan hərəkatları dəstəkləməkdir.

"Yalnız axmaq bu hərəkatdan kənarda qala bilər", - o bildirib.

Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün 2024-cü ildə Fransa hökuməti onu vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var - o, "Facebook"da 1,3 milyon, "TikTok"da 370 min, "Instagram"da 306 min, "X"da 280 min, "YouTube"da isə 230 min izləyiciyə malikdir.