Azərbaycan və Pakistan rəsmiləri ticarət və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər
Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif və Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla ticarət, mədəni mübadilə və digər sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər.
Liderxeber.az xəbər verir ki, bu barədə Pakistanın ingilisdilli “Express Tribune” qəzeti məlumat yayıb.
Pəncab əyalətinin baş naziri azərbaycanlı diplomatla görüşdə İslamabad və Bakı arasında mədəni və təhsil əlaqələrinin möhkəmləndirilməsinə sadiq olduğunu vurğulayıb. Tərəflər müxtəlif sektorlarda ticarət və investisiya imkanlarının araşdırılması üçün birgə səylər göstərməyə razılaşıblar.
Məryəm Nəvaz Pəncab hökumətinin ictimai rifah sahəsində mövcud inkişaf layihələri və təşəbbüsləri barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana son səfəri ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm addım olub.
Əyalət baş naziri qeyd edib ki, Pakistanla Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üçün böyük imkanlar var. Onun sözlərinə görə, təhsil, səhiyyə, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığı inkişaf etmək mümkündür. “Azərbaycanın turizm sahəsindəki təcrübəsindən yararlanmaq istəyirik”, – siyasətçi vurğulayıb. O, Pakistanın Pəncabı “regional ticarətin mərkəzi” etmək istədiyini söyləyib. Məryəm Nəvaz azərbaycanlı iş adamlarını yatırım etməyə çağıraraq onlar üçün xüsusi güzəşt paketi vəd edib.
Öz növbəsində, Fərhadov ölkəsinin Pəncabın müxtəlif sektorlarına investisiya qoyuluşunda maraqlı olduğunu qeyd edib və Məryəm Nəvazı Azərbaycana səfərə dəvət edib.