Pressa.az » Cəmiyyət » Bakıda binaların parkinq yerini alış-veriş mərkəzinə çeviriblər – Vətəndaşlardan ETİRAZ

Bakıda binaların parkinq yerini alış-veriş mərkəzinə çeviriblər – Vətəndaşlardan ETİRAZ

22 yanvar 2025, Çərşənbə, 15:57
Bakıda binaların parkinq yerini alış-veriş mərkəzinə çeviriblər – Vətəndaşlardan ETİRAZ

Bakı şəhəri, Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən "Tikmat" MTK-ya məxsus mənzillərin vətəndaşları redaksiyamıza müraciət ediblər.

Vətəndaşların sözlərinə görə, yaşadıqları binada onlar üçün ayrılan parkinq yerləri ləğv edilərək yerində "VIVA city" alış-veriş mərkəzi tikilib. Bu da binaların həyətində xaotik mənzərə yaradıb. Avtomobillərin nizamsız halda binaların həyətinə park edilməsi vətəndaşların hərəkətini çətinləşdirib, onların hərəkəti üçün yer azalıb. Sözügedən binaların həyəti avtomobil bazarından fərqlənmir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin binalar MTK-ya aiddir və onun ərazisidir.

Sorğulardan alınan cavablara diqqət etsək, ortaya çıxan reallıq budur ki, bəzi qurumların bu sahədə səlahiyyəti yoxdur, MTK-lar isə istənilən addımı ata bilərlər.

Məsələ ilə bağlı "VIVA city"nin mövqeyini öyrənmək üçün qaynar xətti ilə əlaqə qurmağa çalışsaq da, heç bir əlaqə nömrəsini tapa bilmədik.

Yalnız alış-veriş mərkəzinin tərkibində yer alan mağazalardan birinin sahibi sorğumuzu çatdıracağını qeyd etdi. Ancaq açıqlama vermək üçün geridönüş edən olmadı.

"Tikmat" MTK da qeybə çəkilən şirkət olduğu üçün əlaqə nömrəsi tapa bilmədik. Axtarış üzrə əlaqə saxlaya biləcəyimiz bir məsul şəxs ortaya çıxmadı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən isə bildirilib ki, qurumun səlahiyyət dairəsinə yalnız dövlət avtomobil yollarının kənarındakı küçə parklanma yerləri aiddir.

Qeyd edək ki, məsələ ilə bağlı adı hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.