Pressa.az » İdman » Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi - Fotolar

Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi - Fotolar

13 aprel 2026, Bazar ertəsi, 09:58
Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi - Fotolar

Aprelin 14-ü Arpaçay İdman Birliyinin təşkilatçılığı və Kung-fu Federasiyasının dəstəyi ilə keçiriləcək Combat Peşəkar Döyüş Liqası öncəsi mətbuat konfransı və idmançıların üzbəüz (face-to-face) proqramı çərçivəsində rəsmi görüş baş tutub.

Liderxeber.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif idman federasiyalarının nümayəndələri, media təmsilçiləri və Azərbaycanın tanınmış peşəkar idmançıları iştirak etdilər.

Tədbir giriş sözü ilə Combat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov tərəfindən açıq elan olundu. O, çıxışında liqanın yaranma məqsədi, görülən hazırlıq işləri və qarşıdan gələn döyüş gecəsi haqqında ətraflı məlumat verdi. Ruslan Məmmədov Azərbaycanda analoqu olmayan belə bir mötəbər idman tədbirinin təşkilindən böyük qürur duyduğunu və bu layihənin ölkədə döyüş idman növlərinin inkişafına ciddi töhfə verəcəyini vurğuladı.

Daha sonra Kung-fu Federasiyasının prezidenti Nurlan Aslanov çıxış edərək idmançıların hazırlıq səviyyəsindən, onların peşəkarlığından və yarışa ciddi yanaşmalarından bəhs etdi. O, görülən işlərdən məmnunluğunu ifadə edərək, bu cür liqaların idmançılar üçün yeni imkanlar yaratdığını xüsusi qeyd etdi.

Tədbirin davamında çıxış edən yarışın təşkilat komitəsinin rəhbəri, Arpaçay İdman  Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov təşkilati hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırdı. O, həmçinin Combat Peşəkar Döyüş Liqasının gələcək planları, beynəlxalq miqyasda inkişaf perspektivləri və bu layihənin davamlı olacağı barədə geniş məlumat verdi.

Eyni zamanda, tədbir çərçivəsində Kung-fu Federasiyasının birinci vitse-prezidenti Babək Əliyev və vitse-prezidenti Ehram Məcidov media nümayəndələrinə müsahibə verərək yarışa hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşdülər. Onlar idmançıların yüksək səviyyədə hazırlaşdıqlarını, təşkilati işlərin plan üzrə davam etdiyini və qarşıdan gələn döyüş gecəsinin tamaşaçılar üçün maraqlı və yaddaqalan olacağını vurğuladılar.

Görüş çərçivəsində idmançılar arasında üzbəüz baxış (face-off) mərhələsi də təşkil olundu ki, bu da qarşıdan gələn döyüşlərə olan marağı daha da artırdı və tədbirə xüsusi dinamika qatdı.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirildi və mətbuat konfransı rəsmi şəkildə yekunlaşdı.

Qeyd edək ki,Arpaçay İdman Birliyinin nəzdində fəaliyyət göstərən Combat Peşəkar Döyüş Liqası ölkədə döyüş idman növlərinin inkişafına xidmət edən, peşəkar səviyyədə təşkil olunan və idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan mühüm idman layihələrindən biridir.