Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiat İnstitutu (ƏETİ) ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
LiderXəbər xəbər verir ki, memorandum institutun direktoru Faiq Xudayev və Assosiasiyanın sədri Mədinə Əliyeva tərəfindən imzalanıb.
Memorandumun məqsədi əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə seminarların təşkil edilməsindən ibarətdir.
İmzalanma mərasimində institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış toxum sortları, o cümlədən toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə fikir mübadiləsi aparılıb.
Faiq Xudayev ƏETİ-nin son illərdə ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının ilkin toxumçuluğunun təşkil edilməsi məqsədilə nümayiş əkinlərinin aparılması, payızlıq taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyanın həyata keçirilməsi, institutun mandatına daxil olan bitkilər haqqında maarifləndirici nəşrlərin hazırlanması və cari məsələlər barədə ətraflı məlumat verib.
Öz növbəsində M.Əliyeva Assosiasiyanın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. Bildirib ki, cari ilin iyun ayından başlayaraq bölgələrdə toxumçularla görüşlər keçirilir, onların problemləri dinlənilir. Ölkəmizdə toxumçuluğun elmi əsaslarla inkişafı üçün müvafiq işlər aparılır.