Buğdanın becərilməsi və optimal sortların bölgə üçün seçilməsinə dair tədbir keçirilib
“Dəmyə şəraitində müxtəlif gübrə normaları tətbiq etməklə, buğda bitkisinin becərilməsi və optimal sortların bölgə üçün seçilməsi” mövzusunda tədbir keçirilib
LiderXəbər xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ), “Meladora” MMC-nin və “Etalon Aqro” MMC-nin” birgə təşkil etdiyi “Dəmyə şəraitində müxtəlif gübrə normaları tətbiq etməklə, buğda bitkisinin becərilməsi və optimal sortların bölgə üçün seçilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili”, İsmayıllı DAİM-in direktoru Rövşən Yəhyayev “ƏETİ-nin yaratdığı sortların bölgədə becərilməsi və əldə olunan nəticələri”, ƏETİ-nin istehsalat üzrə direktor müavini Qərib Novruzlu “Müxtəlif buğda sortlarının məhsuldarlığının, dəninin keyfiyyətinin və stres amillərə tolerantlılığının artırılmasında mineral gübrələrdən istifadənin əhəmiyyəti”, “Meladora” MMC-nin direktoru Səlahəddin Məmmədov “Elmi-Tədqiqat İnstitutları ilə əməkdaşlığın özəl sektorun inkişafında rolu”, ƏETİ-nin Torpaq və bitki analizləri laboratoriyasının müdiri Laçın Novruzov “Torpaq analizlərinin əhəmiyyəti və gübrə normalarının düzgün təyin olunmasının məhsuldarlığa təsiri” mövzuları üzrə çıxış ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd taxıl bitkiləri becərən fermerlərə maarifləndirici dəstək verməklə onlara bölgədə ən çox becərilən yerli və xarici buğda sortlarının müqayisələrini əyani şəkildə nümayiş etdirmək, əkin materialı və gübrə normalarını düzgün tətbiq etməklə torpaqdan daha səmərli istifadə bacarıqlarını formalaşdırmaq və fermerlərlə ölkəmizin elmi-tədqiqat institutları arasında əlaqələrin yaradılmasına töhfə verməkdən ibarətdir.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri və nümayəndələri, Meliorasiya Elmi-Tədqiqat İnstitutu MMC-nin əməkdaşları, bölgə və digər rayonlardan olan DAİM-lərin nümayəndələri fermerlər və mütəxəssislər iştirak ediblər.
Sonda taxıl və toxum istehsalçıları ilə birgə müzakirələr aparılıb, taxıl əkinlərinə baxış keçirilib.