K.Qurbanov: Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında göstəricilər üzrə davamlı artım müşahidə olunur
Avtomobil nəqliyyatı xidmətləri bazarının genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq daşımalar bazarı 2022-ci ilin 1-ci yarım ilində 135.070 ədəd olduğu halda, 2023-cü ilin müvafiq dövründə 153.872 ədəd təşkil edib ki, bu da 13.9 faiz böyümə deməkdir.
LiderXəbər xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ilin yekun hesabatına həsr edilmiş tədbirdə bildirdi.
Onun sözlərinə görə, cari ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə daha sıx əməkdaşlıq nəticəsində bir sıra nailiyyətlər əldə edilib. ABADA-nın Tədris Mərkəzində BYD (Karnet –TIR) sistemi ilə yüklərin beynəlxalq daşımasına, təhlükəli yükləri (ADR Konvensiyası) daşıyan sürücülərin və həmçinin beynəlxalq daşımalar üzrə operatorların məsul şəxslərinin hazırlığının səviyyəsi və keyfiyyəti xeyli yaxşılaşıb.
O bildirdi ki, cari ildə ABADA-nın Tədris Mərkəzində 2341 şəxs xüsusi təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında 8 aprel 2022-ci il 149 nömrəli Qərarında təsbit olunmuş sürücülərin Peşəkarlıq Səriştəsi ilə bağlı hazırlığın keçirilməsi üzrə tədris proqramları ABADA-da uğurla həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzalanmış Memoranduma əsasən, "İcazə" blanklarının bölgüsünün aparılması üçün təşkilatı texniki işlər, informasiya bazasının formalaşdırılması, proqram təminatının təkmilləşdirilməsi və saxlanması üzrə öhdəliklər ABADA tərəfindən yerinə yetirilib. Dövlət Gömrük Komitəsi ilə elektron əmtəə-nəqliyyat qaiməsinin (e-SMR) və elektron Karnet-TIR (e-TİR) kitabçalarının tətbiqi, eyni zamanda, BYD kitabçasının rəqəmsallaşdırılması, NCTS platforması üzərində T1 təminat sənədinin tətbiqi ABADA-nın uğurlarındandır.
"ABADA-nın mütəmadi olaraq daşıyıcılarının menafelərinin qorunması üçün verdiyi təklifləri nəzərə alaraq, cari ildə “Gömrük Məcəlləsi”, “Vergilər Məcəlləsi”, “Dövlət rüsumu haqqında“ normativ–hüquqi sənədlərdə edilən əlavələr və dəyişikliklər, ABADA-nın nailiyyəti hesab edilir. Avtomobil daşımaları üzrə beynəlxalq təşkilatlar olan İRU, BSEQ–URTA, TRACECA və digərləri ilə Azərbaycan avtodaşıyıcılarının inkişafı ilə bağlı aparılan işlər davam etdirilir" - ABADA rəsmisi vurğuladı.