Üzümçülük İnstitutunun fermerlərə tövsiyə istiqamətində tədqiqatları davam edir
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fermerlərə tövsiyə istiqamətində tədqiqatları davam edir.
ÜZÜMÜN FIR GƏNƏCİYİ
Hazırda bütün üzümçülük təsərrüfatlarında ən çox rast gəlinən zərərvericilər tor və fır gənəcikləridir. Onların vurduğu ziyan o qədər böyük olmasa da yarpaq istehsalı ilə məşğul olan fermerlər üçün bu gənəciklər problem yaradır. Fır gənəciyi üzüm yarpaqlarının şirəsini soraraq ziyan vuran zərərvericidir. Bütün üzümçülük zonalarında yayılıb, may ayında müşahidə olunur. İl ərzində 7-8 nəsil verir. Ölçüləri 0,14-0,20 mm olub, rəngi ağ və ya sarı olur. Yazda ilk yarpaqlar əmələ gəldikdə gənələr qışlama yerindən çıxaraq yarpaqlara doğru hərəkət edirlər. Payızda tənəyin aşağı hissələrinə keçirlər. Yarpaq töküləndən sonra gözcüyün içərisinə girib qışlayırlar. Bu gənədən o qədər də böyük ziyan gəlmir, ona görə də xüsusi mübarizə tədbirləri görülmür. Fır gənəsi çox inkişaf etdikdə, xüsusən cavan üzümlüklərdə ona qarşı mübarizə aparılır. Üzümün tor gənəciyinə qarşı hansı akarasidlərdən istifadə olunarsa, fır gənəcəyinə qarşı kimyəvi mübarizədə də onlardan istifadə olunur.
ÜZÜMÜN TOR GƏNƏCİYİ
Tor gənəsi tənəyin qabığı altında qışlayır. Yazda yarpaqlar açılanda orada məskunlaşır, yarpağın şirəsini soraraq qidalanır. Gənə ilə zədələnmiş yarpaqların rəngi çirkli sarı və qırmızı olur. Gənənin yarpağın şirəsini sorması nəticəsində xlorofil dağılır, fotosintez zəifləyir. Gənə yarpağın alt hissəsində tor quraraq yumurtalarını ora qoyur. Yay ərzində 9 nəsil verir. Hər nəslin inkişafı 15-20 gün çəkir. Gənələr, adətən, tənəyin yuxarı hissəsindəki təzə açılan yarpaqlarda müşahidə olunur və payıza qədər zərər vururlar. Tor gənəsinin inkişafına hava şəraiti və sortun xüsusiyyətləri təsir edir. Tüksüz və çox tüklü yarpaqları olan sortlar tor gənəsi ilə az zədələnirlər. Çünki, belə yarpaqlarda gənə tor qurub hərəkət edə bilmir. Orta dərəcədə tüklü yarpaqları olan sortlar gənə ilə çox zədələnirlər.Tor gənəciyinə qarşı mübarizədə ən səmərəli pestisidlər kontakt və sistem təsirli kimyəvi vasitələr hesab olunur. Bura Piktan, Omayt, Akreks, Bİ-58 və s. aiddir. Bu sayılan akarisidlər üzümün tor gənəciyinə qarşı mübarizədə çox toksiki hesab olunur və onlar geniş praktiki istifadə üçün tövsiyə olunurlar.