Pressa.az » İqtisadiyyat » “Azərbaycan Dəmir Yolları” ötən il 19 milyon tona yaxın yük daşıyıb

“Azərbaycan Dəmir Yolları” ötən il 19 milyon tona yaxın yük daşıyıb

10 yanvar 2025, Cümə, 14:07
“Azərbaycan Dəmir Yolları” ötən il 19 milyon tona yaxın yük daşıyıb

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşıyıb.

Liderxeber.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yüklərinin həcmi isə 10% artaraq 5,2 milyon ton olub.

İl ərzində əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər əsasən neft və neft məhsulları olub. Onların həcmi 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricisni 11 % üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8 %, ağac, sellüloz, kağız məhsullarında isə 26 % artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89 %, kimya sənayesi məhsulları 12 %, daş kömür və digər yanacaq məhsulları 52 % artım göstərib.

ADY qeyd edilən tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.

Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olub. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.

Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yeni dəmiryol xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmiryol şəbəkəsinin modernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsi arasında dəmiryol əlaqəsinin təmin edilməsindən sonra yekun nəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq.