Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir
2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-ı oğlan, 57906- sı isə qızdır.
LiderXəbər-in xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.
Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulanadək cins seçiminə məruz qalmasıdır.
Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.
2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.
BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir. Bioloji normanın pozulması cəmiyyətdə ciddi təhlükələrə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən selektiv abort fiziki və psixoloji zorakılığın ciddi aspektləri ilə müşayiət olunan ayrı-seçkiliyin bariz nümunəsidir.