Pressa.az » Ölkə » ADPU-da “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib

ADPU-da “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib

28 oktyabr 2023, Şənbə, 10:07
ADPU-da “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib. 

LiderXəbər xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictiami-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri və Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.

Tədbirdən əvvəl Filologiya fakültəsi tərəfindən hazırlanan “Zəfər guşəsi”nin açılışı olub. Guşə iki hissədən ibarətdir, - birinci hissədə Pedaqoji Universitetin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının adları əks olunub, ikinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad olunmasını əks etdirən möhtəşəm kompozisiya tədqim olunur. Qeyd edək ki, ADPU-nun tələbə və məzunlarından I Qarabağ müharibəsində adları məlum olan 29 nəfər, Vətən müharibəsində 14 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində isə 1 məzunu şəhid olub. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır, 3 nəfəri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Sonra ADPU-nun beynəlxalq əlaqələt üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar, Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalar, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış olub, universitetdəki Heydər Əliyev muzeyini ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb.

O bildirib edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi, bu gün nəinki Qarbağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb.

Vurğulanıb ki, 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasındakı nitqində Prezident İlham Əliyev İcma ziyalılarının qarşısında qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıda bilməsi üçün Azərbaycan dövlətinin köməyinə arxalana biləcəyini bəyan etdi. Ölkə başçısının bəyanatı 1997-ci ildə Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmandan irəli gələn vəzifələrin icrasına yönələn addımların davamı idi. 

Bu, XIX əsrin sonları - XX əsrin əvvəllərindən bugünkü Ermənistan Respublikasının ərazisindən azərbaycanlıların minillik tarixi ərazilərindən zorla çıxarılması ilə başlayan və 100 ildən artıq davam edən prosesə qarşı hüquqi-siyasi mübarizənin başlanğıcı idi. Biz yüz minlərlə azərbaycanlının beynəlxalq konvensiyalarla təsbit olunan əzəli haqqına qovuşacağına inanırıq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e., QAİ-nin Dərələyəz mahalının Keşkənd rayonu üzrə icma sədri, prof. Mahirə Hüseynova və Paşalı rayonu üzrə icma sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev mövzu ətrafında geniş məruzələr etdi. Məruzələrdə Qərbi Azərbaycan irsinin araşdırılması, Respublika və beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm cəbhələrimizin önündə duran vacib vəzifələr kimi qeyd olunub. Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin miqyaslı tətqiqatlarının mühüm mənbə rolunu oynadığı məruzəçilərin çıxışlarında xüsusi vurğulanıb.

Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov və Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tip geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təşəkkür ediblər.

Tədbir incəsənət nümayəndələri və Filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam edib. 

Sonda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub, xatirə şəkili çəkdirilib.