Üzümçülük və Şərabçılıq ETİ ilə Koreya şirkəti arasında memorandum imzalanıb
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ şirkətləri ilə Şamaxı Üzüm Tinglik Mərkəzində “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” çərçivəsində görüş baş tutub.
LiderXəbər xəbər verir ki, görüşdə ağıllı üzüm bağlarının salınmasında aparıcı rol oynayan müasir avadanlıqlardan istifadə imkanları müzakirə olunub.
İnstitutunun direktoru Vüqar Səlimov bildirib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında yeni texnologiyaların, innovasiyaların tətbiqi vacib və əhəmiyyətlidir.
Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəsi, İNPRO, WHYBIZ şirkətlərinin rəhbərləri əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.
Görüşdə layihələrin həmçinin respublika ərazisində digər regionlarda da həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Növbəti aylarda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər nəzərdə tutulub.
Sonda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.