Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 90 illik yubiley tədbiri keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Abbasov Bəhlul Hüseyn oğlunun 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
LiderXəbər xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, KTN Aqrar İnnovasiya Mərkəzi “Elmi innovasiyaların tədqiqi” şöbəsinin müdiri Cavanşir Təlai, KTN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Mehman Məmmədov, Türkiyənin Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, “Biotexnologiya” laboratoriyasının müdiri Ayşe Nuran Çil institutun kollektivi, yubilyarın ailə üzvləri və digər şəxslər iştirak ediblər. Tədbirdə yubilyara həsr olunmuş videoçarx nümayiş olunub:
Abbasov Bəhlul Hüseyn oğlu - (10 aprel 1934 il, Naxçıvan MR Şərur rayonu Cəlilkənd kəndi) 1953-1958-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsil alaraq “Aqronomluq” fakültəsini bitirib və təyinatla Şərur rayon Kənd təsərrüfatı müfəttişliyində çalışıb. Naxçıvan BTS-də “Texniki bitkilər” şöbəsinə rəhbərlik edib.
1961-ci ildə Azərbaycan ET Əkinçilik İnstitutunun “Bitkiçilik” ixtisası üzrə aspiranturasına daxil olub. 1966 -cı ildə “Tütün bitkisinin əkin müddətinin və qida sahəsinin tütünün bioloji və təsərrüfat xüsusiyyətlərinə təsiri” mövzusu üzrə dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra ET Əkinçilik İnstitutunda “Tütünçülük” şöbəsinə rəhbərlik edib. Rəhbərliyi altında 3 nəfər müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb. İxtisası üzrə 20 il Bakı Yeyinti Sənayesi Texnikumunda, 2003-2004-cü illərdə isə Gəncə Kənd Təsərrüfatı Akademiyasında dərs deyib.
150 elmi əsərin, o cümlədən tütünçülüyə aid 1 kitabın, onlarla tövsiyə və broşürlərın, eyni zamanda 6 tütün sortunun müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş, bürünc medallarına, KTN Əkinçilik İnstitutunun Fəxri fərmanlarına layiq görülüb.
Tədbirdə çıxış edənlər tərəfindən B.Abbasovun elmin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda kənd təsərrüfatı sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulanıb. Eyni zamanda yubilyarın şərəfli bir yol keçdiyi də qeyd edilib.
İştirakçılar B.Abbasovu 90 illik yubileyi münasibətilə təbrik edərək, ona Fəxri Fərman və hədiyyələr təqdim ediblər.
İştirakçılar yubilyara gələcək həyat və elmi-fəaliyyətində uğurlar, yeni - yeni nailiyyətlər arzulayıblar.
Tədbirin sonunda çıxış edən B.Abbasov göstərilən diqqətə, elmi fəaliyyətinə verilən yüksək dəyərə və tədbirin təşkilatçılığına görə hər kəsə öz təşəkkürünü bildirib.