Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - İkisi uşaqdır - Yenilənib
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.
***
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.
Bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.