Liderxəbər xəbər verir ki, konfransdan əvvəl Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb, məzarları önünə gül dəstələri düzüblər.
Mərkəzi Gömrük Hospitalında keçirilən tədbirdə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, könüllü gömrükçülər və əməkdaşlar iştirak ediblər.
Konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın elmi yaradıcılığı və zəngin irsi haqqında ətraflı çıxış etdi.
Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın öz peşəsinə hər zaman vicdanla yanaşmasından, zəhmətsevər fəaliyyətindən, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almaq üçün gördüyü işlərdən bəhs edib.
Yazgül Abdıyeva akademik, alimin traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən söz açıb. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.
Zərifə Əliyevanın mənəvi zənginliyi, tibbi etika və deontologiyaya dair baxışlarının olduğu “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərləri haqqında məlumat qeyd edib. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir.
Həmçinin Yazgül Abdıyeva dünya oftalmologiya elminin tanınmış alimlərinin Zərifə Əliyeva haqqında söylədikləri tarixi fikirləri bölüşüb. Belə ki, görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.
Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.
Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırıb.
Professor V.V.Şmelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.
Sonda Y. Abdıyeva öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə hər birimizin qəlbində taxt quran Zərifə xanımı heç vaxt unutmayacağımızı və onunla fəxr etdiyimizi vurğulayıb.