Pressa.az » Siyasət » Azərbaycanlıların xarici ölkələrin müharibələrində muzdlu kimi iştirakına - Hüquqi mövqe

Azərbaycanlıların xarici ölkələrin müharibələrində muzdlu kimi iştirakına - Hüquqi mövqe

15 iyul 2025, Çərşənbə axşamı, 15:29
Azərbaycanlıların xarici ölkələrin müharibələrində muzdlu kimi iştirakına - Hüquqi mövqe

“Magen David Azərbaycan” - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan Nümayəndəliyinin sədri David Seliverstov Azərbaycan vətəndaşlarının xarici ölkələrin müharibələrində muzdlu kimi iştirakı, bunun hüquqi, əxlaqi tərəfləri ilə bağlı sualları cavablandırıb.

Liderxeber.az həmin müsahibəni təqdim edir:

- Hüquq müdafiəçisi kimi xarici ölkələrin müharibələrində iştirak edən Azərbaycan vətəndaşları haqqında nə deyə bilərsiniz?

- Azərbaycan vətəndaşı üçün Vətən yalnız coğrafi sərhəddən ibarət deyil, bu, əcdadlarımızın canı, şəhidlərin qanı, ruhumuzun dayağıdır. Azərbaycan qanunvericiliyi bu mövzuda birmənalıdır: Cinayət Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, xarici hərbi münaqişələrdə muzdlu kimi iştirak edən şəxs 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Bundan əlavə, 114.1-ci maddə muzdluları təşkil edən, maliyyələşdirən və yönləndirən şəxsləri 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırır. Bu, sadəcə cinayət deyil, bu, vətənin ruhuna, bayrağın şərəfinə xəyanətdir.

Hər bir azərbaycanlı bilməlidir: əgər sən döyüşməyə hazırsansa, bu döyüş yalnız Vətən torpağı uğrunda olmalıdır. Başqasının torpağında, başqasının siyasəti naminə silah qaldıran, öz ana vətəninin adını kölgəyə salır.

- Muzdlu anlayışı hüquqi və əxlaqi baxımdan necə izah olunur?

- Hüquqi baxımdan muzdlu – bu, döyüşdüyü ölkənin vətəndaşı olmayan, həmin ölkədə daimi yaşamayan, rəsmi vəzifə ilə göndərilməyən və maddi mükafat məqsədilə döyüşən şəxsdir. Bu tərif həm Azərbaycan qanunvericiliyində, həm də BMT-nin 1989-cu il Konvensiyasında öz əksini tapıb.

Əxlaqi baxımdansa, muzdlu olmaq vicdanını kirayəyə vermək, qürurunu satmaq, şəhid ruhuna xəyanət etməkdir. İnsan öz ləyaqətini, şəxsiyyətini pul və ya vəd müqabilində tank altına atmamalıdır. Nizami Gəncəvi demişkən, “İgid odur ki, Vətən uğrunda can versin, odla oynasın, amma namərd qazanına girməsin”.

- Bu cür şəxslərin motivasiyası nə olur və siz hüquq müdafiəçisi kimi bu şəxslərə nə tövsiyə edirsiniz?

- Bəzi insanlar azadlıq və ya pul qarşılığında bu yola gedirlər. Amma bilməlidirlər ki, qazanılan hər qəpik tökülmüş günahsız qanın üstündədir. Müharibə qəhrəmanlıq məkanı deyil, müstəmləkəçilik və alətə çevrilmək məkanıdır.

Mən hüquq müdafiəçisi və azərbaycanlı kimi onlara səslənirəm:

1. Qayıdın!

2. Silahı yerə qoyun!

3. Azərbaycanın sizə ehtiyacı var, amma Vətənində, xalqının içində, hüquqla, zəhmətlə!

Müzəffər Ordumuzun əsgərləri qəhrəmandırlar, çünki onlar qanuni, mənəvi və milli zəmində döyüşüblər. Xarici savaşlarda pul üçün döyüşənlər isə, əfsuslar olsun ki, öz Vətəninə dönmək üzərində hüquqi kölgə salırlar.

- Azərbaycançılıq ideologiyası bu məsələyə necə yanaşır?

- Azərbaycançılıq – bu, torpağa bağlılıq, dövlətə sədaqət, milli kimliyə hörmət deməkdir. Azərbaycançılıq ideologiyasının əsas prinsipi odur ki, Azərbaycan vətəndaşı harada olur-olsun, onun əqidəsi, ruhu və sədaqəti bu torpağa bağlıdır. Bu ideologiyanın banisi olan Heydər Əliyev deyirdi: “Vətənpərvərlik millətin ruhunun ali dəyəridir”.

Əgər bir vətəndaş bu ruhdan çıxıb, başqa dövlətin müharibəsində muzdlu kimi iştirak edirsə, bu, təkcə hüquq pozuntusu deyil, milli kimliyin inkarıdır.

-  Hüquqi sistem bu proseslərin qarşısını almaq üçün nə etməlidir?

- Dövlət həm cinayət təqibini, həm də preventiv tədbirləri gücləndirməlidir: hüquq-mühafizə orqanları bu şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmasını təmin etməlidir;

Maarifləndirmə proqramları - xüsusən, risk altındakı əhali qrupları üçün;

Xarici ölkələrlə hüquqi əməkdaşlıq və ekstradisiya mexanizmləri inkişaf etdirilməlidir.

Eyni zamanda, vətənpərvərlik tərbiyəsi məktəb və universitetlərdə sadəcə fənn deyil, həyat dərsi kimi tədris olunmalıdır.

- Son olaraq, gənclərə və cəmiyyətə mesajınız nədir?

- Qəhrəmanlıq Vətən torpağı uğrunda göstərilir, yad torpaqda muzdla deyil. Əsl qəhrəman o şəxsdir ki, ailəsini halal zəhmətlə dolandırsın, Vətənin adını yüksəltsin, dövlətini başı dik tutsun.

Sonda bir çağırış edirəm: Gənclər! Sizi xarici müharibələrə yox, elmə, inkişafa, mədəniyyətə, ədalətə çağırıram!

Həbsdə olanlar! Ədalət istəyirsinizsə, qanunu pozaraq yox, hüquqi mübarizə ilə əldə edin!

Dövlət orqanları! Bu proseslərə susmaq yox, qanunla və vicdanla cavab vermək zamanıdır!

Və unutmayaq: “Qılınc güc gətirə bilər, amma ləyaqət tarix yazar”.