Pressa.az » Siyasət » İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib

İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib

18 mart 2023, Şənbə, 09:32
İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib

16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Bu barədə LiderXəbər-əAzərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.

Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.