Pressa.az » Dünya » Səkkiz min illik sirr türkcədə gizlənib? - ABŞ-də yaşayan azərbaycanlı alim faktları AÇIQLADI

Səkkiz min illik sirr türkcədə gizlənib? - ABŞ-də yaşayan azərbaycanlı alim faktları AÇIQLADI

04 avqust 2025, Bazar ertəsi, 16:16
Səkkiz min illik sirr türkcədə gizlənib? - ABŞ-də yaşayan azərbaycanlı alim faktları AÇIQLADI

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alim, türkoloq Tariyel Azərtürk şumerlərin türk olması, bir sıra itirilmiş və ya unudulmuş yazıların mənşəyi, onların türk dilləri ilə əlaqəsini ortaya çıxarmağa çalışır. Onun sözlərinə görə, hətta İraqda bu gün də yaşayan üç milyona yaxın şumer türkü var. Onlar özlərinə "Kərkük türkməni" deyirlər. Dili də, antropoloji quruluşu da Azərbaycan türklərinin dil və anatomiyası ilə həmahəngdir.

Tədqiqatçı alim bu və digər mövzularla bağlı Liderxeber.az-ın suallarını cavablandırıb:

- Tariyel müəllim, əvvəlcə sizi tanıyaq. Tariyel Azərtürk kimdir?

- 1942-ci ildə Zəngəzurun Nüvədi kəndində doğulmuşam. Kəndimizdə yeddi il oxuyandan sonra qonşu kənddə orta məktəbi bitirmişəm. Ali təhsilimi Tibb Universitetində əczaçılıq üzrə almışam. Amma bu sahədə çalışmamışam. Təhsil aldığım universitetdə və Tibb kollecində latın dili müəllimi işləmişəm. 1968-cı ildə biokimya üzrə doktoranturaya qəbul olmuşam. İki il Azərbaycanda, bir il Kiyevdə təhsilimi davam etdirmişəm. Həmin ərəfələrdə türkologiyaya hədsiz marağım var idi. Mənbələrin yetərsizliyi səbəbindən 1992-ci ildə Amerika Birləşmiş Ştatlarına getdim. Orada da həm müxtəlif laboratoriyalarda işlədim, həm də tədqiqatlarımı davam etdirdim.

- Bəs şumerlərin türk olması ilə bağlı araşdırmalara başlamağınıza zərurət yaradan nə oldu?

- Soykökümüzün haradan gəldiyi həmişə mənə maraqlı olub. Bu baxımdan, türkologiya ilə bağlı kitablar oxuyurdum. Şumerlərin türk olduğunu çoxları desələr də, sübut edə bilməyiblər. SSRİ-də isə nə şumerologiya var idi, nə də gil yazılarının oxunması ilə bağlı institut. Yalnız Sankt-Peterburqdakı Şərqşünaslıq İnstitutunda bəzi alimlər araşdırma aparırdılar ki, onlar da Avropa alimləri kimi yalan məlumatlar yazırdılar. Bu məni çox maraqlandırırdı. O zaman Moskvada bu sahə ilə bağlı cəmi iki-üç kitab tapa bilmişdim. Həmin kitabları oxuyanda anladım ki, tərcüməçilər mənasını tapa bilmədikləri sözləri olduğu kimi saxlayıblar və həmin orijinal sözlər türkcə səslənir.

ABŞ-yə də araşdırmaq üçün yetərli mənbə olduğuna görə getdim. Çünki şumerologiyanın mərkəzi Missisipi Universiteti idi. 1994-cü ildə ABŞ-də şumerologiyanın əsasını qoyan Samuel Kramerin kitabını aldım. Lakin oxuyanda tərcümənin nonsens (cəfəngiyyat) olduğunu gördüm. Çünki sözlərin 50 faizi tərcümədir, digər yarısı isə tanrı, adam adları. İctimaiyyətə də elə təqdim edilib, guya tərcüməsi yoxdur. 1994-cü ilin 20 martında səhərə qədər həmin kitabı oxudum və anladım ki, düz bilirəm.

- Şumerlərin türk olması ilə bağlı hansı dəlilləri tapdınız?

- Gil yazılarının 700-750 işarəsi var. Çox mürəkkəb yazı sistemidir. Bu faktı 1830-50-ci illərdə üç alim aşkar edib. Yəni həmin işarələri düz deşifrə ediblər. Lakin gil yazı sistemində həm durğu işarələri olmayıb, həm də əlifba. Ulularımız ilkin olaraq 8 000 min il əvvəl şəkil yazılardan istifadə ediblər. Sonra iki min il ərzində şəkil yazıları mixi işarələrlə əvəz ediblər. Hər türk sözünün hecasına bir işarə yaradıblar. Ona görə də normal 35-40 səs əvəzinə 700-750-yə qədər işarə yaradılıb. Tərcümələr də sübut edir ki, bu dil türk dilinə yaxındır.

Rəhmətlik Aydın Məmmədov vaxtilə 200 söz tapmışdı və iddia edirdi ki, bu sözlər şumerlərdən gəlir. Həmin sözlər isə türk sözləri idi. Qazaxıstanlı yazıçı Oljas Süleymenov da şumerlər və akkadlarla bağlı əsərində ("Аз и я" - "Az-ya") şumerlərə məxsus 60 sözün türkcə səsləndiyi isbat edir. Amma mən Krameri oxuyandan sonra qərara gəldim ki, türk dilini bilməyən avropalı alimlər gil yazıları konstruksiya edə bilmirlər. Məsələn, şumer dilində bir söz var: "Enməzbayraqgəzir". Bunu bir söz kimi götürürlər. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə də deyirdi ki, "Bir kərə yüksələn bayraq bir daha enməz". Görürsünüz, eyni ifadədir?! Lakin bu söz bitişik bir söz kimi götürüldüyündən, araşdırma da buna uyğun aparılır və cümlələrin qəliblənməsində hamı çaşbaş qalır. Şumer babalarımız sözlər arasında işarə qoymayıblar ki, bu, cümlədir, burada söz bitir, başqa söz başlayır və s. Mən də qəlibləmə üsulunu aşkar etdim və sübut olundu ki, əslində, həmin mənasız tərcümələr necə gözəl mətnlər imiş.

- Siz e.ә. I minillikdə Apennin yarımadasının şimal-qərbində yaşamış etruskların da türk olduğunu iddia edirsiniz. Bu hansı faktlara əsaslanır?

- Həm şumer, həm etrusk türk idi, hər ikisi türkcə danışır, türkcə yazırdı. Yunanlar həmin ərazilərə gələnə qədər orada etrusklar yaşayıblar. Lakin etruskları qovub, özləri yerləşiblər. Sonra Asiyada yaşayan türkləri də Krit adasından, Kiprdən qovublar. Yunanlar indiki Türkiyə ərazilərini türk nəsillərindən təmizləyəndə Kilikiya dənizi sahillərində Ete Eli adlı türk ölkəsi var idi. Sorağı gil yazılardan türkcə gəlir. Kipr adasında Eteokiprlilər, Krit adasında Eteokritlər, Elladada, Lemnos adasında, indiki İzmir, Çanaqqala - Troya tərəflərdəki ərazidə II Pelasq hökuməti mövcud idi. Balkanlardan hücum edən yunan tayfaları eoliylər, axeylər, ionianlar, dorilər və s. onları sıxışdırıb öz yerlərindən qovandan sonra onların bir hissəsi dəniz yolu ilə Apenninə (İtaliyaya), bir hissəsi quru yolla Qərbi, Şərqi Azərbaycana, Orta Asiyaya, hətta Sibirə köç etdi. Qarabağdakı, məsələn, Edilli kəndi elə Ete Eli deməkdir. Qərbi Azərbaycanda buna oxşar adlar çox olub. Gədəbəydə indi də edilli (Ete Eli) tayfası yaşayır.

- Araşdırmalarınız Avropada, ABŞ-də necə qarşılanır? Hansı reaksiyalarla qarşılaşırsınız?

- Xüsusən də son üç ayda bu araşdırmaların beynəlxalq səviyyədə təbliğinə başlamışam. Avstriyanın paytaxtı Vyanada konfrans olacaq, yazılarımı oraya göndərmişəm, qəbul ediblər. ABŞ-də məşhur "The Word" jurnalı var, oraya da yazılarımı göndərmişəm və biganə yanaşmayıb, araşdıracaqlarını bildiriblər. Həmçinin müxtəlif jurnallara, qəzetlərə araşdırmalarımı göndərmişəm, ictimailəşməsinə çalışıram. Bu mövzuda bir neçə kitabım da dərc edilib, Üstəlik, bu sahə ilə məşğul olan alimlərlə də müzakirələr aparır, onlara yanlış olduqlarını sübut edirəm. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm.