Əsəddən sonra
Rüstəm Qaraxanlı yazır...
İncildə Daniyal peyğəmbərin Babil çarı Navuxodonosorun dəhşətli yuxusunun yozulmasına dair rəvayəti var. Hökmdar yuxusunda qızıldan başı, gümüşdən sinəsi, misdən qarnı, dəmirdən dizləri və gildən ayaqları olan bir bədheybətin üstünə dağdan böyük bir qaya parçasının yumalandığını görür. Daş nəhəngin gil ayaqlarına dəyir və o, zərbədən dağılıb toza dönür. Navuxodonosor kahinləri və müşavirlərini toplayır və onlardan biri deyir ki, bu yuxu Babilin farsların zərbəsi nəticəsində gözlənilən süqutundan xəbər verir.
Bəəs Partiyasının 60 illik hakimiyyətinin müxalifətin zərbələri nəticəsində cəmi bir neçə günə süqut etməsi, 24 il prezident olmuş Bəşər Əsədin isə dinməz-söyləməz ölkədən qaçması Navuxodonosorun çin olmuş yuxusunu xatırladır. Fərq ondadır ki, yuxuda Babili dağıdan farslar reallıqda illər boyu mühafizə etdikləri Əsəd rejimini qoruya bilmədilər. Gil ayaqlar üzərində duran nəhəng qısa müddət ərzində aldığı zərbələrə tab gətirməyərək süqut etdi.
İncildəki rəvayətdən bəhs edən Daniyal peyğəmbər barədə müqəddəs Quranda məlumat yoxdur. Hərçənd, onu peyğəmbər olaraq yəhudilər və xristianlarla bərabər, müsəlmanlar da tanıyırlar. Bununla belə, minillər sonra, yəni bu gün tarixi Babil coğrafiyasında baş verən yeni geosiyasi bölgü prosesində həm yəhudilər, həm xristianlar, həm də müsəlmanların maraqları üst-üstə düşərkən razılığa gələ bildiklərini görürük. Əsədin "gil ayaqlı nəhəng"i məhz belə bir konsensusun nəticəsində süqut etdi. Xristian Qərb susdu, yəhudi İsrail strateji qovşaqları və hərbi istehkamları vurdu, Türkiyəyə bağlı müsəlman birliklər isə "Navuxodonosor"un çarlığına son qoydular.
Əsəd Suriyasının nədən belə qısa müddət ərzində süqut etməsinin əsas cavabı onun təklənməsi və himayədarlarının zəifləməsindədir. "Ərəb baharı" zamanı daha güclü basqı və təzyiqlərə sinə gərən Əsəd, Misirin keçmiş lideri Hüsnü Mübarəkdən fərqli olaraq, rejimini qoruyub-saxlaya bilmişdi. Çünki yanında İran və Rusiya var idi. İndi Rusiyanın başı Ukraynada Qərblə sonu görünməyən mübarizəyə qarışıb, İranın isə HƏMAS və "Hizbullah" kimi proksilərdən ibarət qol-qanadını sındırıblar. HƏMAS liderinin Tehranın mərkəzində öldürülməsi, Fələstində və Livanda daldalanmış qruplaşmaların İsrail tərəfindən yer üzündən qaşınması İranın təhlükəsizlik və texniki təchizat sahəsində ciddi çatışmazlıqlarının olduğunu büruzə verdi. İsrail liderlərinin İranın raket və dron hücumlarına cavab olaraq vəd etdikləri misligörünməmiş zərbə isə bugünkü Suriya reallığıdır. Güman ki, İraq da qarşıdakı aylar və ya hətta günlərdə baş verənlərdən nəticə çıxarmalı, ərazisini su yoluna çevirmiş İran hərbi emissarları ilə bağlı tədbir görməlidir.
İndi ən çox müzakirə edilən mövzu Suriyanın gələcəyidir. "Qurulacaq yeni dövlət hansı xarakterdə və hara meyilli olacaq" sualı hamını düşündürür. Aydındır ki, "gil ayaqlı nəhəngi" devirmədən öncə ondan sonra nələrin olacağı da razılaşdırılıb. Birmənalı şəkildə ehtimal etmək olar ki, yeni quruluş İsraillə düşmənçilik etməyəcək. Bunu hərəkatın lideri Culani açıq şəkildə deyir: "Biz hamı ilə, o cümlədən İsraillə də dostluğa hazırıq. Bizim Əsəd rejimi, "Hizbullah" və İrandan başqa düşmənimiz yoxdur. İsrailin Livanda "Hizbullah"a qarşı etdikləri bizə çox kömək oldu". Vəssalam. Bu qədər aydın.
Suriyada baş verən ildırımsürətli dəyişiklik həm də Türkiyə ilə İsrailin regionda uzlaşdıracaqları və bölüşəcəkləri məqamların mübahisə etdikləri mövzulardan çox olduğunu göstərdi. Çözüm düsturu budur: İsrail Osmanlı irsini inkar edə bilməz, Türkiyə isə yəhudi dövlətinin regiondakı mövcudluğunu qəbul edir. Təl-Əviv əzəli düşməni İranı sərhədlərindən uzaqlaşdırdı, Türkiyə isə tarixi mövqelərini bərpa etdi. Həm boz qurd toxdur, həm quzular razıdır.
İndidən belə Suriyada hansı təmayüllü dövlətin qurulacağı artıq texniki məsələdir. Məzhəb qarşıdurmasının qanlı faciələrə səbəb olmasından, güman ki, lazımi dərslər çıxarılıb. Bu baxımdan, ələvi və şiə dominantlığının total sünni üstünlüyü ilə əvəzlənəcəyi optimal yol olmazdı. Çünki bu ədavətdə qalib yoxdur, qələbə isə situativdir. Müasir dünyada milli maraqlar dini təəssübkeşliyi üstələyir. Ehtimal etmək olar ki, yeni hökumət İsraillə məsafəli və sabit qonşuluğa üstünlük verəcək. Culanı İraq elitasına da dostluq mesajlarını göndərib və Bağdadı missiyalarının yalnız Suriya ilə çərçivələnməsi barədə xəbərdar edib.
Türkiyə ilə məsələ aydından da aydındır. Qərb həm Vaşinqtonun, həm də Avropanın simasında baş verənlərdən məmnunluğunu dilə gətirib, hətta Emmanuel Makron və Olaf Şolts bununla bağlı ayrıca bəyanat da veriblər. Rusiya - Ukraynada, qalır İran. Onunla münasibətlərin necə olacağına dair sualın cavabını isə Culaninin yuxarıdakı açıqlamasında axtarmaq lazımdır. Konkret danışıb...