ABADA-nın baş katibi: Azərbaycan daşıyıcılarına 96 ədəd “Karnet-TIR” təminat sənədi verilib
Bu ilin yanvar ayında Azərbaycan daşıyıcılarına 96 ədəd “Karnet-TIR” təminat sənədi verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
LiderXəbər xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
"Assosiasiyanın əsas məqsədi ölkədə avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımalarının inkişafına yardım etmək, “Karnet-TIR” Konvensiyasının şərtlərini yerinə yetirmək, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarını müdafiə etmək və onlara kompleks şəkildə kömək etməkdən ibarətdir. Azərbaycanın gömrük ərazisində BYD ("Karnet-TIR") əməliyyatı zamanı plomblanmış avtomobil vasitələrində və yaxud konteynerlərdə daşınan mallar, xarici ölkələrin aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Beynəlxalq yük daşımalarının “Karnet-TIR” sistemi çərçivəsində həyata keçirilməsi daşıyıcılara və gömrük orqanlarına sadə, çevik, qənaətli, təminatlı və təhlükəsiz gömrük tranziti prosedurunun əldə edilməsinə imkan yaradır. “Karnet-TIR” sisteminin üzvləri aralıq gömrük orqanında idxal-ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və yaxud depozit qoyulmasından azad edilir”, - deyə o qeyd edib.
"Xarici ölkələrdə beynəlxalq daşımaların əksəriyyəti “Karnet-TIR” kitabçası ilə daşınır. Bu avtomobillərin sərhəd keçid prosedurlarının sürətləndirilməsinə, təyinat məntəqəsinə vaxtında çatmasına, baş verə biləcək hər hansı problem zamanı sürücünü və yaxud operatoru məsuliyyətdən azad edir. Hər hansı problem yarandıqda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU) dərhal məsələyə müdaxilə edir və problem həll edilir. Azərbaycanın avtodaşıyıcılarına beynəlxalq yük daşımasını BYD (Karnet-TIR)- təminat kitabçası ilə yəni, gömrük plombu və möhürü altında həyata keçirməyi tövsiyə edirik. Şirkətin TIR sisteminə buraxılması məsələsinin ABADA-nın Dövlət Gömrük Komitəsinə müraciət göndərməsindən 1 ay müddətində həll edildiyini nəzərə alaraq, şirkətin TIR sistemi üçün indidən ABADA-ya müraciət etməsini məqsədə uyğun hesab edirik",- deyə baş katib əlavə edib.
Xatırladaq ki, Azərbaycan 12 mart 1996-cı il tarixindən “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yükdaşımaları haqqında” gömrük konvensiyasına qoşulub və beynəlxalq avtomobil yük daşımalarının sadələşdirilməsinə imkan yaranıb.
ABADA 1993-cü ilin noyabr ayında qərargahı Cenevrə şəhərində (İsveçrə) yerləşən,beynəlxalq yük daşımaları (BYD) kitabçalarının (Karnet-TIR) tətbiqi ilə BYD Konvensiyasının dünya üzrə təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının İRU üzvlüyünə qəbul olunub. BYD sisteminə buraxılmasına ABADA-nın hazırlığı İRU tərəfindən yoxlandığından sonra 1997-ci ilin noyabr ayından Azərbaycan TIR sisteminə buraxılıb.O vaxtdan ABADA “Karnet-TIR” kitabçalarını İRU-dan almağa başlayıb və indiyədək öz üzvlərini həmin kitabçalarla təmin edir.