“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Donald Trampla yaxın münasibəti var. Türkiyə ilə ABŞ-nin Fələstin məsələsində dərin fikir ayrılıqlarının olmasına baxmayaraq, bu münasibət davam edir. Bunun Türkiyənin maraqları baxımından, əlbəttə ki, bir qarşılığı var. Bəs Ankara üçün göstərdiyimiz bu anlayışı, Bakının xarici siyasətini qiymətləndirərkən niyə göstərmirik?”.
Liderxeber.az xəbər verir ki, bu fikirləri türkiyəli yazar Doğan Çağlar “Diriliş Postası”nda yayımlanan köşə yazısında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın daxili məsələləri Azərbaycan xalqını maraqlandırmalıdır: “Rəsmi Bakının digər ölkələrlə qurduğu münasibətləri də öz maraqları müəyyənləşdirir. Bizim burada diqqət edəcəyimiz məqam Türkiyənin çətin günündə Azərbaycanın harada dayanmasıdır. 6 fevral zəlzələləri zamanı bunun cavabını gördük. Azərbaycan axtarış-xilasetmə qruplarını göndərdi, xalqı isə yardım üçün səfərbər oldu. Ölkə Kahramanmaraşda Azərbaycan Məhəlləsinin inşasına dəstək verdi. Həmin gün dağıntılar baş verən yerdə bizimlə çiyin-çiyinə çalışan qardaşlarımız da, zəlzələdən sonra şəhərin yenidən ayağa qalxmasına verdikləri əməyi də unutmarıq.
Bu həmrəyliyin dövlətlər arasında da konkret qarşılığı var. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan hər hansı təhdid və ya hücum qarşısında məsləhətləşməyi və bir-birinə lazımi kömək göstərməyi öhdələrinə götürüblər. TANAP-la Azərbaycan qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya çatıb. Bakının Türkiyəyə verdiyi dəstəyi başa düşmək istəyən bu imzalara və görülən işlərə baxsın.
Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır. Bakıda Şimali Kipr Türk Respublikasının nümayəndəliyi yerləşir. İ.Əliyev Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi olmasına dəstək verdi, tam üzvlüyünü açıq şəkildə müdafiə etdi və Kiprin türk liderini Şuşadakı zirvə toplantısına dəvət etdi. Kipr türklərinin öz bayrağı ilə həmin masada yer alması üçün siyasi iradə nümayiş etdirdi.
Mənim zənnimcə Türkiyənin ən yaxın iki dost ölkəsi Pakistan və Azərbaycandır. Buna görə də, Bakı ilə münasibətlərimizi korlayacaq istənilən mübahisə zamanı məni bu sual maraqlandırır: Bu ayrılıqdan Türkiyə nə qazanır, kim fayda görür?
Düşünürəm ki, İsrail rəhbərliyi Ankara ilə Bakının münasibətlərinin pisləşməsindən məmnun olar. Türkiyənin Azərbaycan üzərindəki təsirinin zəifləməsi İsrailin Bakıdakı hərəkət arealını genişləndirər. Türk dövlətlərinin daha sıx əməkdaşlıq etməsi isə həm Ankaranın, həm də Bakının mövqeyini gücləndirər. Bizim vəzifəmiz Fələstin məsələsindəki mövqeyimizi qətiyyətlə davam etdirərkən Azərbaycanla qardaşlığımıza da sahib çıxmaqdır.
Trampla dostluğun Türkiyə üçün bir dəyəri varsa, Əliyevin Türkiyənin çətin günlərində göstərdiyi dostluğun da bir çəkisi var. Mən həmin çəkini zəlzələ günü köməyə qaçan insanlarda, Şuşada atılan imzada və Kipr türklərinin bayrağına ayrılan yerdə görürəm.
Onun üçün deyirəm. Tramp dostdursa, Əliyev dostun kralıdır. Vəssalam”.
