Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
Dərman istehsalı məsələsində biz xeyli geri qalmışıq. Səhiyyə naziri ilə danışıqlar olub, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriklərinin tikilib istifadə verilməsi nəzərdə tutulub.
LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Məndə olan məlumata görə, artıq bununla əlaqədar İsrail, qardaş ölkə Türkiyə və digər dövlətlərdən mütəxəssislər də Azərbaycana gəlib. Yəni, artıq bu işlərə başlanılıb. Ölkəmizdə bəzi tibbi ləvazimatların istehsalı var. Belə kiçik müəssisələrin sayı çox azdır” – komitə sədri bildirib.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın dərman bitki ehtiyatları var:
“Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər”.