Pressa.az » Ölkə » Cənub Qaz Dəhlizi Azərbaycana çox böyük iqtisadi və siyasi üstünlük qazandırıb

Cənub Qaz Dəhlizi Azərbaycana çox böyük iqtisadi və siyasi üstünlük qazandırıb

06 mart 2024, Çərşənbə, 10:11
Cənub Qaz Dəhlizi Azərbaycana çox böyük iqtisadi və siyasi üstünlük qazandırıb

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Bu mənada yerləşdiymiz regionun əsas infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi Ölkəmiz üçün çox böyük iqtisadi və siyasi üstünlük qazandırıb. Məlumdur ki, bu səviyyəli layihələrin reallaşdırılması üçün ölkələrin, həm iqtisadi, həm də siyasi gücünün olması gərəkdir.

Əlbəttə ki, qütbləşmənin daha çox müşahidə olunduğu müasir dünyada ölkələr adətən öz maraqlarına xidmət etməyən layihələrin reallaşmasına nəinki maraqlıdırlar, əksinə, bu işlərə problemlər yaratmağa çalışırlar. Ölkəmizin son illər ərzində qazandığı uğurların bəzi beynəlxalq dairələr, o cümlədən ölkələr tərəfindən qısqanclıqla qarşılandığının şahidi oluruq. Belə olan vəziyyətdə Cənub Qaz Dəhlizi layihəsinin necə böyük çətinliklər, məhrumiyyətlər fonunda reallaşmasını aydın görə bilərik. Əlbəttə ki, bu proseslərdə ən önəmli faktorlardan biri, deyərdim birincisi siyasi təcrübə, qətiyyət, liderlik bacarığı amilidir. Məhz sadaladığımız faktorların Ölkə başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdə toplanması bu meqa layihənin bu gün reallığa çevrilməsini şərtləndirib. Bir vaxtlar çoxları üçün xəyal kimi görünən bu layihə hazırda reallıqdır.

Ölkəmiz böyük layihəni reallaşdırmaqla əsl gücünü nümayiş etdirdi. Bu haqda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində keçirilmiş iclaslar zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində qeyd edən cənab İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin önəmindən danışıb. Bu layihə vasitəsi ilə Azərbaycan Avropaya kommersiya məqsədli qaz nəql edir və bu mühüm tarixi hadisədir. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”. Ölkə başçısı müsahəbəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın önəminə də toxunmuş, məsələnin maliyyə tərəfləri barədə məlumat vermişdir: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”.

Qeyd edək ki, layihənin əsas xüsusiyyətlərindən biri də onun siyasi əhəmiyyətidir. Belə ki, bu layihəyə adi olan ölkələr, xüsusən də region ölkələri olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı daha da güclənib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin keçdiyi digər ölkələr arasında da özünü göstərib. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi ilə bağlı marşurut boyunca olan ölkələrdə saysız açılış və təqdimatlar təşkil edilib. Bu layihə barədə fikir bildirən bütün beynəlxalq qurumlar, ölkə rəhbərləri yalnız bir düşüncədədirlər; bu layihənin baş tutması Azərbaycan Liderinin qətiyyətinin bariz göstəricisidir.

Gülnarə Qasımova;
Neftçala rayon ziyalısı