Pressa.az » Cəmiyyət » Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab

Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab

20 avqust 2025, Çərşənbə, 11:32
Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab

Vətən müharibəsi iştirakçısı sosial vəziyyəti ilə bağlı çətinlik çəkdiyini deyir. 3-cü qrup əlil olan Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov müavinət və prezident təqaüdü ilə təmin edildiyini bildirir. Lakin səhhəti işləməyinə icazə vermədiyi üçün əlavə qazanc yeri tapa bilmir.

Liderxeber.az-a müraciət edən B.İbrahimovun sözlərinə görə, iki azyaşlı övladı var və ailənin yeganə təminatçısıdır: “Hazırda işsizəm, 11 500 AZN kredit borcum qalıb. Banklara və sosial dəstək fondlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, “pul yoxdur” cavabı alıram”.

37 yaşlı qazinin sözlərinə görə, 2015-ci ildən Naxçıvanda gizir kimi xidmət edib: “Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin Antiterror əməliyyatlarında iştirak etmişəm. İndi 942 manat əlilliklə bağlı müavinət, 400 manat isə prezident təqaüdü alıram. Lakin bu, heç nəyə bəs etmir. İki uşağım hazırlıqlara getməlidir, yeni tədris ili başlayır və bütün xərcləri çoxalır. Ailədə işləyənimiz yoxdur. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Üstəlik, bu kredit də hər ay ödənməlidir. Daha öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşam və mənə 1000 manatlıq yardım ediblər ki, 3 aylıq kreditimi ödəyim. Bildirmişdilər ki, krediti bağlamağa da köməklik edəcəklər. Artıq 3 ay keçib. Mənim də imkanım yoxdur. Oradan da deyirlər ki, fondda pul yoxdur. Çarəsiz qalmışam”.