Bu meyvə xərçəng riskini azaldırmış

Payız mövsümünün ən məşhur meyvələrindən olan nar (Punica granatum) əsrlər boyu “cənnət meyvəsi” adlandırılıb.
Liderxeber.az xəbər verir ki, Qədim Şərqdə bolluq və sağlamlıq simvolu kimi tanınan bu meyvə həm dadı, həm də zəngin tərkibi ilə insan orqanizmi üçün əvəzolunmazdır.
Nar C, K, E vitaminləri, həmçinin fol turşusu ilə zəngindir. Bu vitaminlər immuniteti gücləndirir, dərini cavan saxlayır və sinir sistemini möhkəmləndirir. Tərkibindəki kalium ürək fəaliyyətini tənzimləyir, dəmir isə qanazlığının qarşısını alır.
Nar dənələri və şirəsi yüksək miqdarda polifenollar və flavonoidlər ehtiva edir. Bu maddələr hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyaraq qocalma prosesini yavaşladır və xərçəng riskini azaldır.
Nar şirəsi damar divarlarını möhkəmləndirir, xolesterini tənzimləyir və qan dövranını yaxşılaşdırır. Müntəzəm istehlak ürək-damar xəstəliklərinə qarşı profilaktik təsir göstərir.
Payız-qış mövsümündə nar orqanizmi virus və infeksiyalardan qoruyan təbii vasitədir. Tərkibindəki C vitamini və digər antioksidantlar immun sistemini aktivləşdirir.
Nar həm şirəsi, həm də qabığı ilə mədə-bağırsaq sisteminə müsbət təsir edir. Qabıqdan hazırlanan dəmləmələr ishal və iltihabi xəstəliklərdə kömək edir. Liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır.
Nar qanın tərkibini yaxşılaşdırır, toksinlərin orqanizmdən atılmasına yardım edir. Dəmir çatışmazlığına qarşı təbii dəstək sayılır.
Nar ekstraktı kosmetologiyada geniş istifadə olunur. Dərinin elastikliyini artırır, qırışların yaranmasını ləngidir və saçların güclənməsinə kömək edir.