Pressa.az » Siyasət » Ermənistanı açıq şəkildə müdafiə edən qüvvələr bu gün regionda sülhü istəməyən qüvvələrdir

Ermənistanı açıq şəkildə müdafiə edən qüvvələr bu gün regionda sülhü istəməyən qüvvələrdir

11 aprel 2025, Cümə, 09:55
Ermənistanı açıq şəkildə müdafiə edən qüvvələr bu gün regionda sülhü istəməyən qüvvələrdir

Ermənistan bu gün özünün bəzi “dırnaqarası dostlarının” verdiyi zərərli məsləhətlərə və yönləndirmələrə uyaraq, həm regionda davamlı sülhə, həm də öz inkişafına mane olur. Bu siyasət nəticə etibarilə Ermənistanın təcrid olunmasına və xalqının rifahının günbəgün ağırlaşmasına gətirib çıxarır.

Cənubi Qafqazda geosiyasi vəziyyət son illərdə ciddi dəyişikliklərə məruz qalmışdır. Xüsusilə 2020-ci ildəki Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar region ölkələrindən daha məsuliyyətli və ağıllı siyasət tələb edir. Lakin Ermənistan bəzi xarici tərəfdaşlarının - “dırnaqarası dostlarının” təzyiq və məqsədli yönləndirilməsi sayəsində mövcud vəziyyətdə doğru seçimlər edə bilmir. Ermənistanın bu gün aldığı zərərli məsləhətlər onu nə təhlükəsizlik, nə də rifah baxımından irəli aparır. Əksinə, bu, ölkəni daha da təkləyir və inkişafdan uzaqlaşdırır. Siyasi müdriklik göstərilərsə və Ermənistan reallıqları qəbul edərək düzgün tərəfdaş seçərsə, həm ölkə daxilində, həm də regionda sabitlik və rifah mümkün olar.

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra bölgədə sabitlik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün əsaslı zəmin yaranacaq və bu prosesin qarşısında ciddi maneələr qalmayacaq. Bu günlərdə Ada Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edən Dövlət başçısı cənab İlham Əliyev bir çox məsələlərlə yanaşı postmüharibə dövründə regionda mövcud olan vəziyyətə də aydınlıq gətirdi. Hər birimiz gözəl bilirik ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanla arasında uzun illər davam edən münaqişələr, xüsusilə də artıq keçmişdə qalmış “Qarabağ problemi” regionda sabitliyin və inkişafın qarşısını almışdır. Son illərdə məhz Azərbaycanın təşəbbüsü ilə hər iki tərəf arasında aparılan diplomatik danışıqlar və sülh təşəbbüsləri müəyyən müsbət nəticələr versə də, hələlik yekun sülh sazişi imzalanmayıb.

Sözsüz ki, sülh sazişin imzalanması əməkdaşlıq üçün yeni imkanlar açacaq. Sülh sazişinin siyasi əhəmiyyəti ondan ibarətdir ki, saziş münaqişənin rəsmi olaraq başa çatdığını hüquqi cəhətdən təsdiq edəcək, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına zəmin yaranacaqdır Münaqişənin hüquqi həlli, həm də regionda sabitlik yaradacaq və təhlükəsizlik zəmanəti verəcək. Bu prosesin dərinləşməsi illər sonra hər iki ölkənin ictimai rəyində düşmənçilik əhval-ruhiyyəsini azaldacaqdır. Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra əməkdaşlığın qarşısındakı əsas siyasi və hüquqi maneələr aradan qalxacaq. Bu, regionun inkişafı və xalqların rifahı üçün tarixi bir fürsət olacaq. Əgər bu fürsət düzgün qiymətləndirilərsə, Cənubi Qafqazda uzunmüddətli sülh və firavanlıq təmin edilə bilər.

Nəsibə Hüseynova;
Neftçala rayon gənci